Yenə bu şəhərdə üz-üzə gəldik (Ayrılıq) - Ramiz Rövşən. Səsləndirdi: İlkin Baba



334
1055253

Səsləndirdi: İlkin Baba Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox. Aradan nə qədər il keçib görən, - Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla! “Ölmədim” deyirəm, nə bilim axı, - Bəlkə də, mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə. Bəlkə də, biz onda ayrılmasaydıq, Nə mən indikiydim, nə sən indiki, - Ayrıldıq, şeytanı güldürdük onda; Bu ilin bu ayın bu günündəki, Elə bu küçənin bu tinindəki məni də, səni də öldürdük onda. …Sağımız-solumuz adamla dolu, Qol-qola kişilər, qadınlar keçir. Özündən xəbərsiz ömründə min yol Özünü öldürən adamlar keçir. Keçir öz qanına qatan adamlar, Bir də ki, qan hanı? Qan axı yoxdu. Hamı günahkardı dünyada, amma Dünyada heç kəsin günahı yoxdu. Bizsiz yazılmışdı bu tale, bu baxt, Sapanddan atılan bir cüt daşıq biz. Bəlkə bu dünyada on-on beş il yox, Min il bundan qabaq ayrılmışıq biz. Halal yolumuzu dəyişib, nəsə Çaşmışıq, bir özgə yoldan getmişik. Bəlkə min il qabaq səhv düşüb nəsə, Minillik bir səhvə qurban getmişik. Dəyişib yerini bəlkə qış-bahar, Qarışıb dünyanın şəhəri, kəndi. Bəlkə öz bətnində ögey analar Ögey balaları gəzdirir indi. Ömrüm başdan-başa yalandı bəlkə, Taleyim başqaymış doğrudan elə. O yoldan ötən qız anamdı bəlkə, Bəlkə də, oğlumdu bu oğlan elə. Bu yalan ömrümdə görən sən nəsən? Bəlkə heç sevgilim deyilsən mənim. Anamsan, bacımsan, nənəmsən, nəsən?!.. Bircə Allah bilir, nəyimsən mənim. Bizi kim addadar bu ayrılıqdan, Çatmaz dadımıza nə yol, nə körpü. Ölüsən, dirisən, hər nəsən, dayan! Dayan, heç olmasa əlindən öpüm… Deyirsən: “Ölüyəm, ölünü öpmə…” Əlimin içində soyuyur əlin. Deyirsən: “Sən allah, əlimi öpmə, əlimdən, deyəsən, qan iyi gəlir…”

Published by: ilkin baba Published at: 7 years ago Category: موسیقی