Lənkəran sakini bir neçə ölkədən aldığı göyərçin sortlarının sayını 60-a çatdırıb



0
29456

Lənkəran sakini həyətində xarici ölkələrdən gətirdiyi göyərçinlər bəsləyir. Müxtəlif qiymətlərə olan bu göyərçinlərin özəlliyi onların saatlarla uça bilməsidir. Lənkəranın Velədi kənd sakini Cabir Məmmədov 50 ilə yaxındır göyərçin saxlayır. Uşaq yaşlarından yaranan həvəs onun bu gün maraqlı hobbisinə çevrilib. Əvvəllər əsasən yerli növlərə üstünlük verən quşbaz, hazırda daha çox xarici ölkələrdən gətirdiyi göyərçinləri bəsləyir. 7-8 növ olan bu quşların sayı 60-a yaxındır. Quşbaz Cabir Məmmədov: “Bu sortları yeni əldə etmişəm. Təxminən 3-4 il olar. “Pakistan” sortları var, “şirazi” var, “qarabaş”lar isə uzun müddətdir var. Onlardan da birini Moskvadan gətirmişəm, birini də İrandan. Bir cütlə çoxaldmışam.” Müsahibimizin saxladığı göyərçinlərin içərisində ən fərqlisi Pakistandan gətitirtdiyi sortlardır. Bu növlərin əsas xüsusiyyəti onların daha çox uçmasıdır. Quşbaz Cabir Məmmədov: “Biz bunları yemləmək üçün əsasən buğdadan istifadə edirik, qarğıdalı da veririk. Bunlar həm gözəldir hə də uçuşları var. Pakistan sortları deyilənə görə dünyada ən çox uçandır. Səhər uçurdursan axşam gəlir.” Göz oxşayan göyərçinlərin qiyməti sortlarından asılı olaraq dəyişir. Quşbaz Cabir Məmmədov: “Əsas bu sortları artırmaqdır və gələcəkdə satmaqdır. Qiyməti də bahadır. Pakistan sortunu çox satmıram. Amma 50 manatdan tutmuş, 150 manata qədər qiymətləri var.” Maraqlı rəngləri, forması və havada qeyri-adi hərəkətləri quşlara kənd sakinlərinin də marağını artırıb. Bəzən onlar saatlarla bu göyərçinlərin uçuşuna tamaşa edirlər.

Published by: ARB Cenub Published at: 6 years ago Category: اخبار و سیاست