Lənkəranda hələ də əhaliyə “PAZ” avtobusları xidmət göstərir



0
83110

Texniki göstəriciləri standarta cavab verməyən sərnişin avtobuslarının sürücüləri nə qədər peşəkar olsalar da, idarə etdikləri maşınlarda yaranan nasazlıqlar zamanı yollarda baş verən qəzalar qaçılmaz olur. Səbəb sovet dönəminin 70-ci illərindən sürülərək bu gün üçün istismarını başa vurmuş “PAZ” markalı kənd avtobuslarının hələ də marşrut xətlərinə buraxılmasıdır. İstifadə müddəti çoxdan bitmiş bu avtobuslar kəndlərdə əhaliyə xidmət göstərməkdədir. Elmin, texnikanın inkişaf etdiyi, avtobusların ildən-ilə yeniləndiyi bir vaxtda, Lənkəranda kənd avtobusları bu köhnə “PAZ”ların ümidinə qalıb. 223 min nəfər əhalisi olan Lənkəranda 8 qəsəbə və 83 kənd var. Rayonda 80-dən yuxarı avtobus gün ərzində əhaliyə xidmət göstərir. Amma təəssüf ki, bu marşrutlar üzrə hərəkət edən avtobusların say çoxluğuna sevinə bilmirik. Çünki ictimai nəqliyyatdan gündəlik istifadə edən sakinlərə xidmət edən bu avtobusların əksəriyyəti köhnədir. Sovet dönəmindən qalan “PAZ” markalı avtobuslar istismar müddətini çoxdan başa vurub. Apardığımız sorğudan da bəlli oldu ki, Lənkəranda mövcud sərnişindaşıma sistemində köhnə avtobusların marşruta salınması əhalinin ürəyincə deyil. Ucqar kəndlərə bu avtobuslarla hər gün sərnişin daşıyan sürücülər sakinlərin haqlı olduğunu təsdiqlədilər. Sürücülər deyir ki, istismar müddətini çoxdan başa vurmuş nəqliyyat vasitələri ilə əhaliyə xidmət göstərmək bir yana, bu maşınları həm də işlək vəziyyətdə saxlamaq min bir əziyyət və böyük xərc hesabına başa gəlir. Sürücü Zakir Rüstəmov: “Bu maşının 30 yaşı var. Hamısını öz vəsaitimlə bərpa edib, işlədirik.” Sürücü Adil Hüseynov: “Pulun oldu get yeni avtobus al. Mənim heç cürə imkanım yoxdur. Təzəsini necə alım?” Sürücü Azad Rəhimov: “Yuxarıda lyuklar var, pəncərələr də açılır. Amma buna baxmayaraq, yenə isti olur.” Lənkəran Sərnişin ASC-nin direktoru Natiq Cəfərov bildirdi ki, yeni avtobuslar müəssisənin daxili imkanları hesabına alınır, və yaxud da sahibkarların aldığı yeni avtobuslar müqavilə əsasında xəttə buraxılaraq əhaliyə xidmət göstərilir: “2016-ci ilin 5 ayı ərzində biz müəssisəyə daxili imkanlar hesabına 2 ədəd avtobus gətirərək xəttə buraxmışıq.” Bakıdan gətirilən yeni avtobus dedikləri, təmirə ehtiyacı olan köhnə avtobuslardır. Rayonda müasir tələblərə cavab verən 2-3 mikroavtobuslar var ki, bunlar Mamusta, Boladi, Kənarmeşə kəndləri istiqamətində xəttə buraxılıb. Mikroavtobusun sürücüsü Habil Əliyev yeni avtobusun şəraiti haqda məlumat verdi: “Qabaq narahatçılıq idi, maşın balaca idi, yollar pis idi. İndi sərnişinlər də razılıq edir. Kondisioneri var, hər bir şəraiti var.” Amma bu avtobuslarda da kondisionerin nə vaxt işləməsi isə sakinlərin yadına gəlmir. Lənkəran Sərnişin ASC-nin direktoru Natiq Cəfərov isə havalar isti olsa da kondisioner işlətməyi məsləhət görmür: “Balaca rayondu, dayanacaqlar yaxındı, qapılar açılıb bağlanır, o bir az effektsiz olur.” Ötən əsrin 60-70-ci illərində istehsal olunmuş “PAZ” avtobusları ilə yaşadıqları ünvanlara getməyə məcbur olan kənd sakinləri bu yollarda nə vaxtsa komfortlu avtobuslarda gedib-gələcəyi günə böyük ümid bəsləyirlər.

Published by: ARB Cenub Published at: 7 years ago Category: اخبار و سیاست